Əsas səhifə » Mbappe "PSJ"yə qarşı oyuna start heyətində çıxacaq

Mbappe "PSJ"yə qarşı oyuna start heyətində çıxacaq

BAKI, AzerVoice

Fransız hücumçu Kilian Mbappe, İspaniyanın "Real Madrid" klubunun heyətində FIFA Klublararası Dünya Çempionatının yarımfinalında Fransanın "PSJ" klubuna qarşı oyuna start heyətində çıxacaq.

AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu, Mbappenin turnirdə əsas heyətlə başlayacağı ilk matç olacaq. Eyni zamanda, "Real"ın ingilis müdafiəçisi Trent Aleksander-Arnold oyunu buraxacaq. O, indiyə qədər keçirilmiş beş matçın hamısında iştirak etmişdi. Jurnalist Migel Anxel Diasın məlumatına görə, futbolçu son məşqdə narahatlıq hiss edib.

Xatırladaq ki, Mbappe 19 iyun tarixində kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, elə həmin gün evə buraxılmışdı. Bundan sonra o, fərdi proqram üzrə məşq etmiş və 25 iyun tarixində komanda ilə birlikdə məşqlərə qayıtmışdı. Mbappe qrup mərhələsini tamamilə buraxmış, 1/8 və 1/4 final oyunlarında isə ikinci hissələrdə əvəzedici kimi meydana çıxmış, Dortmundun "Borussiya" klubuna qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan oyunda qələbə qolunu vurmuşdu.

26 yaşlı Mbappe 2024-cü ilin yayında PSJ-dən "Real Madrid"ə azad agent statusu ilə keçib. O, daha əvvəl "PSJ" və "Monako" klublarında çıxış edib. 2024/25 mövsümünün yekunlarına əsasən, o, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) daxil olan ölkələrin çempionatlarında ən çox qol vuran oyunçuya verilən "Qızıl buts" mükafatını qazanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice