BAKI, AzerVoice
Fransanın “Paris Sen-Jermen” (PSJ) klubu ABŞ-da keçirilən Klublararası Dünya Çempionatının yarımfinalına yüksəlib.
AzerVoice xəbər verir ki, turnirin 1/4 final mərhələsində "PSJ" Münhen “Bavariya”sına 2:0 hesabı ilə qalib gəlib.
Görüşün ikinci hissəsinin əvvəlində “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala dəhşətli zədə alaraq oyunu tərk etməli olub.
Matçın 78-ci dəqiqəsində hesabı "PSJ"nin futbolçusu Dazir Du açıb. Daha sonra "PSJ"nin heyətində Uilyan Pako 83-cü dəqiqədə, Lukas Ernandes isə əlavə vaxtın 2-ci dəqiqəsində qırmızı vərəqə alıb. Oyunun son nöqtəsini isə Usman Dembelenin 90+7-ci dəqiqədə vurduğu qol qoyub – 2:0.
Yarımfinalda "PSJ"nin rəqibi “Real Madrid” ilə Dortmund “Borussiya”sı arasında keçiriləcək oyunun qalibi olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı FIFA-nın himayəsi altında keçirilir və altı qitə konfederasiyasının ən güclü klublarını bir araya gətirir. Turnirin ilk buraxılışı 2000-ci ilin yanvarında Braziliyada baş tutub və bu turnir sonradan UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Yaponiyadakı İnterkontinental Kubokun hüquqi varisi kimi qəbul edilib.
Xatırladaq ki, daha əvvəl “Çelsi” də yarımfinala vəsiqə qazanmışdı.