BAKI, AzerVoice
Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubu ABŞ-da keçirilən FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində ABŞ təmsilçisi "İnter Mayami" üzərində 4:0 hesablı qələbə qazanıb.
AzerVoice xəbər verir ki, oyun Atlanta şəhərində baş tutub.
"PSJ"nin heyətində Joau Neveş (6-cı və 39-cu dəqiqələr) iki dəfə fərqlənib, Əşrəf Hakimi isə bir qol vurub (45+3-cü dəqiqə). Bundan əlavə, "İnter Mayami"nin futbolçusu Tomas Aviles 44-cü dəqiqədə avtoqol ilə yadda qalıb.
"İnter Mayami"nin heyətində "PSJ"nin sabiq futbolçusu, səkkizqat “Qızıl top” sahibi Lionel Messi oyunun tamamını keçirib.
Qələbə sayəsində "PSJ" turnirin 1/4 finalına yüksəlib. Onlar bu mərhələdə "Flamenqo" (Braziliya) – "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun bazar günü Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.