BAKI, AzerVoice
İspaniyanın nəhəng klubu Real Madridin yeni baş məşqçisi Xabi Alonsonun debüt oyunu sensasiyalı nəticə ilə yadda qaldı.
AzerVoice xəbər verir ki, Real, Klublararası Dünya Çempionatındakı ilk oyununda Səudiyyə Ərəbistanının Əl-Hilal komandası ilə 1:1 hesablı heç-heçə etdi.
Madrililərin start heyətində fransalı ulduz Kilyan Mbappenin yer almaması diqqət çəkdi. Onun əvəzinə yeni transferlər, Trent Aleksander-Arnold və Din Heysen meydana çıxdı.
Oyuna daha fəal başlayan Əl-Hilal 19-cu dəqiqədə Realın qapısından top keçirsə də, ofsayd səbəbilə qol qeydə alınmadı. İlk hissənin ortalarına qədər Səudiyyə təmsilçisi zərbələrdə 8:2 üstün idi.
34-cü dəqiqədə Real sürətli əks-hücum zamanı hesabı açdı. Qonsalo Qarsiya Torres dəqiq zərbə ilə komandasını önə keçirdi. Lakin cəmi 5 dəqiqə sonra Asensionun öz cərimə meydançasında rəqib hücumçunu saxlaması nəticəsində penalti təyin olundu. Ruben Neves fərqlənərək hesabı 1:1 edib.
İkinci hissədə Arda Güler, Luka Modriç və Dias kimi oyunçular meydana daxil oldu. Real Madrid təşəbbüsü ələ alsa da, yaradılan imkanlardan istifadə edə bilmədi. Oyunun sonlarında Valverdenin real qol fürsəti olsa da, zərbəsi qapıçıya tuş gəldi və qarşılaşma heç-heçə ilə başa çatdı.
Qeyd edək ki, Xabi Alonso Real Madridin sükanı arxasına 2024/2025 mövsümünün sonunda gətirilib. Komanda həmin mövsümü titulsuz başa vurmuşdu. Alonso bu vəzifəyə təyin olunmazdan əvvəl Almaniyanın Bayer Leverkuzen klubunu çalışdırırdı.