Əsas səhifə » ABŞ-da "General Motors" və "Ford" avtomobillərinin satışı ikinci rübdə artıb

ABŞ-da "General Motors" və "Ford" avtomobillərinin satışı ikinci rübdə artıb

BAKI, AzerVoice

"General Motors" (GM) şirkətinin ABŞ-da avtomobil satışları ötən ilin ikinci rübündə artıb, lakin bu artım tempi yaz aylarına nisbətən zəifləyib.

AzerVoice xəbər verir ki, bu barədə GM-in verdiyi məlumatda bildirilib.

Məlumata əsasən, aprel–iyun aylarında şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 746,59 min ədədə çatıb. Müqayisə üçün, birinci rübdə bu artım 17 faiz təşkil etmişdi.

Şirkətin ötən ilin ilk yarısında (yanvar–iyun) ümumi satışları 11,6 faiz artaraq 1,44 milyon avtomobilə çatıb. Bütün ABŞ avtomobil bazarında isə bu dövr üzrə artımın təxminən 4 faiz olacağı proqnozlaşdırılır.

GM-in elektromobil satışları ikinci rübdə iki dəfədən çox artıb.

"Ford Motor Co." şirkəti aprel–iyun aylarında satışlarını 14,2 faiz artıraraq 612,1 min avtomobil satıb. Bu yüksəliş əsasən istehlak tələbatını artırmaq məqsədilə tətbiq olunan endirim proqramları ilə əlaqələndirilir. Qeyd edək ki, "Ford"un birinci rübdə satışları 1,3 faiz azalmışdı.

Şirkətin ilk altı ayda ümumi satışları 6,6 faiz artaraq 1,11 milyon avtomobilə çatıb. Elektromobillərin, o cümlədən hibrid və qoşulan hibrid modellərin satışları isə 6,6 faiz artaraq rekord səviyyəyə – 82,886 min ədədə yüksəlib.

Cənubi Koreya şirkətləri "Hyundai Motor" və "Kia Corp." ABŞ bazarında ikinci rübdə müvafiq olaraq 10 faizlik və 5 faizlik artım qeydə alıblar. Yaponiya istehsalçısı "Toyota Motor" satışlarını 7,2 faiz artırıb. Digər yapon markası "Nissan Motor" isə eyni dövrdə satışlarda 6,5 faiz azalma ilə geriləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice