BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi / İraq Respublika Strateji Araşdırmalar Mərkəzi - Bağdad
Amerikanın Texas ştatında yerləşən "Oil Price" portalı 26 iyun tarixində yayımladığı hesabatda bildirib ki, İraq hökuməti ABŞ-ın Texas ştatında yerləşən "Excelerate Energy" şirkəti ilə Bəsrənin Xor Əz-Zübeyr limanında üzən qaz saxlama və yenidənqazlaşdırma qurğusunun (FSRU) yaradılması barədə danışıqlar aparır. Bu addım, ölkənin maye təbii qaz (LNG) idxalına hazırlıq çərçivəsində atılır.
İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin hesabatında etdiyi hesabatda qeyd olunur ki, Excelerate Energy şirkəti İraqın ilk LNG idxal layihəsinin həyata keçirilməsi məqsədilə elan etdiyi tenderdə iştirak edən şirkətlərdən biridir. Söhbət, üzən saxlama və yenidən qazlaşdırma vahidinin (FSRU) qurulmasından gedir.
İran qazından asılılıqdan qurtulma planı
Hesabatda bildirilir ki, İraq uzun müddətdir elektrik enerjisi istehsalı üçün İran qazından asılı vəziyyətdədir. Lakin Bağdad hökuməti bu asılılığı aradan qaldırmaq məqsədilə alternativ enerji mənbələri üzərində işləyir. Hazırda Xor Əz-Zübeyr limanında LNG idxalı üçün infrastrukturun qurulması üzrə Excelerate Energy ilə irəliləmiş danışıqlar aparılır.
"South Gas Company"nin (Cənub Qaz Şirkəti) icraçı direktorunun səlahiyyətlərini icra edən Əli Salman "Bloomberg"ə bildirib ki, Excelerate Energy şirkəti LNG idxalı və infrastrukturun qurulması sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdəndir və hazırda bu sahədə İraqla əməkdaşlıq imkanlarını araşdırır.
İraq neftlə zəngin olsa da, enerji böhranı yaşayır
İraq neft hasilatında əsas ölkələrdən biri olsa da, illərdir ki, hasil edilən neftlə birgə çıxan müşayiətçi qazı yandıraraq israf edir. Bu isə ölkənin daxili enerji ehtiyaclarını qarşılamasında ciddi problemlərə səbəb olur. Xüsusilə yay aylarında elektrik enerjisinə olan tələbatın artması, İran qaz təchizatındakı qeyri-sabitlik və enerji çatışmazlığı tez-tez elektrik kəsintilərinə yol açır.
Hesabatda qeyd olunur ki, Tramp administrasiyası dövründə İraqa verilmiş İran elektrik idxalına dair güzəştlərin ləğvi bu problemin daha da kəskinləşməsinə səbəb olub. Bu səbəbdən İraq hökuməti mayeləşdirilmiş təbii qazın idxalını ciddi şəkildə gündəmə gətirib.
Türkmənistanla qaz sazişi də imzalanıb
İraq, enerji mənbələrini diversifikasiya etmək məqsədilə ötən ilin sonunda Türkmənistanla qaz təchizatı haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, İraq gündəlik 20 milyon kubmetr qaz alacaq.
Yeni üzən qaz terminalı layihəsinin reallaşması ilə, İraq həm enerji təhlükəsizliyini təmin etmək, həm də İran qazından asılılığı azaltmaq istiqamətində əhəmiyyətli addım atmış olacaq.