BAKI, AzerVoice
Səudiyyə Ərəbistanının “Al Hilal” klubundan ayrılmaq istəyən serbiyalı hücumçu sarı-göylü Fənərbaxçanın transfer siyahısına düşüb. 30 yaşlı forvard, artıq Səudiyyə Ərəbistanında oynamaqdan bezdiyini bildirib və 10 milyon avroya transfer edilə biləcəyi qeyd olunur.
AzerVoice xəbər verir ki, 2023-cü ildən bəri “Al Hilal” formasını geyinən Aleksandar Mitroviç Avropaya qayıtmaq planları qurur. Təcrübəli hücumçu nümayəndələri vasitəsilə Səudiyyə Ərəbistanında çıxış etməkdən yorulduğunu və yenidən Avropa turnirlərində iştirak etməyi arzuladığını bildirib.
Mitroviçin bu istəyi, transfer dövrünə sürətli başlamağa hazırlaşan Fənərbaxçanın da diqqətini çəkib. Sarı-göylülər hazırda “Bayern Münhen”dən ayrılmağa hazırlaşan Leroy Sane ilə danışıqları davam etdirir. Maraqlısı budur ki, hər iki futbolçu eyni menecerlik şirkətinə bağlıdır. Həmin şirkət Mitroviçin Avropaya dönmək istəyini artıq Fənərbaxça rəhbərliyinə çatdırıb.
“Al Hilal” klubuna yaxın mənbələrə görə, uğurlu forvard 10 milyon avroya transfer edilə bilər. 30 yaşlı oyunçu Fənərbaxça rəhbərliyinin gələcək mövsüm üçün planlarında sürpriz bir ad olaraq önə çıxa bilər.
Qeyd edək ki, təmsilçiləri hər nə qədər “Mitroviç gələn mövsüm də Al Hilal forması geyinəcək, bu məsələdə heç bir problem yoxdur” desələr də, serbiyalı hücumçunun ayrılıq fikrinə isti yanaşdığı bildirilir. Təcrübəli forvard bu mövsüm komandasının heyətində keçirdiyi 36 rəsmi matçda 28 qol vurub və 7 məhsuldar ötürmə verib.