BAKI, AzerVoice
Qlobal temperatur artımı rekord səviyyəyə yüksəlib.
AzerVoice xəbər verir ki, Kopernik İqlim Dəyişikliyi Xidmətinin yayımladığı son hesabatlara əsasən, 2024-cü il dünyada qeydə alınan ən isti illərdən biri olub.
Qlobal səth temperaturu sənayedən əvvəlki dövr (1850–1900) ilə müqayisədə 1,5 dərəcə Selsi yüksək qeydə alınıb. Bu göstərici, Paris İqlim Sazişi çərçivəsində təyin edilmiş kritik həddin rəsmi şəkildə aşılması deməkdir.
2023-cü ildə qlobal temperatur 15,1 dərəcə səviyyəsində ölçülmüşdü. Bu, əvvəlki ilə nisbətən 0,12 dərəcə yüksək idi. 2022-ci ildə isə temperatur sənaye öncəsi dövrdən 1,1 dərəcə yuxarı idi. Artım tendensiyası 2025-ci ilin ilk aylarında da davam edib, lakin iyul ayına dair tam məlumatlar hələlik açıqlanmayıb.
Mütəxəssislər 1,5 dərəcə artımının iqlim dəyişikliyi üçün dönüş nöqtəsi olduğunu vurğulayırlar. Bu həddin aşılması: Kəskin hava hadisələrinin (sel, quraqlıq, istilik dalğaları) artması, Ekosistemlərin pozulması, Bioloji müxtəlifliyin azalması, Qütb buzlarının əriməsi,Okean səviyyəsinin yüksəlməsi kimi bir çox təhlükəni daha da aktuallaşdırır.
Ümumdünya Meteorologiya Təşkilatına (WMO) görə, 2015–2024-cü illər arasında olan dövr tarixdə qeydə alınan ən isti onillik olub.
"Advances in Atmospheric Sciences" jurnalında dərc edilən araşdırma da bu artımın əsas səbəblərindən birinin okeanlarda istiliyin toplanması olduğunu göstərir. Qlobal istiləşmə nəticəsində yaranan artıq istiliyin təxminən 90 faizi okeanlara hopur, bu isə iqlim dəyişikliyinin əsas indikatorlarından biri hesab olunur.
2024-cü ilin iyun ayı qlobal səviyyədə ölçülən üçüncü ən isti iyun olub. Orta temperatur 16,46 dərəcə Selsi olaraq qeydə alınıb ki, bu da sənaye öncəsi orta göstəricidən 1,3 dərəcə yüksəkdir. Avropada isə bu göstərici 18,46 dərəcə ilə beşinci ən isti iyun olaraq tarixə keçib.