Bakı. AzerVoice:
“Futbolçularıma və azərkeşlərimizə təşəkkür edirəm. Mən bir azərbaycanlı kimi bu birliyimizi görəndə çox sevinirəm. Öz xalqımı çox sevirəm. Son vaxtlar çox güclü Azərbaycan xalqı var”.
İdman.biz xəbər verir ki, bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov “Braqa”ya 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib: “44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm və iradəli olmaq kimi çıxışları olurdu. Biz müharibədən sonra daha ürəkli olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, mənə böyük motivasiya verir. Bu gün meydanda xalqın sona kimi mübarizə aparan komandası vardı. Bu, futboldur. Amma biz 10 nəfərlə qələbə qazandıq. Bu gün sanki meydanda döyüş var idi. Futbolçularımız o qədər əziyyət çəkdi ki, axırda bunun nəticəsini gördü. Bütün xalqımızı təbrik edirəm. Biz etdiklərimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Mən sizinlə qürur duyuram. Bir daha cənab Prezidentimizi təbrik edirəm. Mən ilk matçdan sonra cənab Prezidenti yenidən Prezident seçilməsi ilə bağlı təbrik etmək istəyirdim. Amma səbir etdim ki, Bakıda bunu tam edim”.
- Sizcə, oyunda son nöqtəni qoyan Nəriman Axundzadə bir həftəyə böyüdü?
- Çox böyüdü. Hətta gələcəkdə daha da böyüyəcək. Səfərdəki ilk matçdan sonra Nərimanın göz yaşlarına hamımız şahid olduq. O daima məşqlərdə öz üzərində çalışırdı. İnanıram ki, bu davamlı olacaq.
- Hesab 0:2 olduqdan sonra nə düşünürdünüz?
- Epizodlarda mən də aqresiv oldurdum. Belə oyunlarda hamını nəzərə almaq lazımdır. Hər kəs qalib gəlmək istəyir, aqresiya normaldır. Amma bizə qarşı olunan hər bir şeyin faydası var. Hər bir çətinliyə hazır olmaq lazımdır. Bu oyunlar bütün Azərbaycan futbolu üçün böyük təcrübədir. Dözüm, iradə bizim üçün çox lazımdır. Belə bir halda qələbə qazanmaq çox ləzzətli oldu.
- Hədəflərimiz böyüdü?
- Biz ümidlə yaşayırıq və işləyirik. Qarşımıza məqsəd qoymasaq, nəticəmiz olmaz. Bu cür qalibiyyətlər bütün futbolumuz üçün böyük uğur və inamdır. Bizim şansımız varsa, maksimum bundan istifadə etmətə çalışacağıq. Bu klubda rəhbərlik başda olmaqla məsuliyyətsiz insan yoxdur.
- Yeni tarix yazdız. 0:2 hesabı ilə geri düşdükdən sonra dönüş nöqtəsi nə oldu?
- Dönüş nöqtələrini saymaq olar. Amma məncə əzimkarlıq və xarakter qalib gəldi. İstəyirdim ki, 90 dəqiqə ərzində qol buraxmayaq. Ardınca əlavə vaxta hazırlaşam da, futbolçularıma dedim ki, biz geri çəkilməməli və rəqibin üzərinə gedib, çəkinməməliyik. Yekunda isə Nərimanın qolu ilə qalib gəldik.
- Nərimanın xilası və əlavə vaxt... Bu ssenari barədə nə deyə bilərsiz?
- Rəqib ilk 90 dəqiqədə qalib gəldi. Hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. 100 faizlik qol epizodları oldu. Dünya futbolunda belə oyunlar, belə hallar çoxdur. Biz hamımız səbrli olmalıyıq. Düşünmədiyimiz anları da yaşayırıq.
- Sizə elə gəlmir ki, yığmadakı vəziyyətidə dəyişmək lazımdır? Milliyə yol göstərməyi düşünürsüz?
- Yaxşı olar. Hər şey xeyirlisi ilə nəticələnər.
- Azərkeşlər sizinlə Milli Qəhrəman Allahverdi Bağırovun şəkli olan pankartı açanda nə hisslər keçirdiniz?
- Çox qəribə hisslər keçirdim və çox duyğulandım.
- Nəriman bu gün vurduğu qolla Elvin və Bəhlula qarşı yönəlmiş ictimai qınağın qarşısını ala biləcək?
- Elvinə dedim ki, sən oğulsan. Biz məğlub ola bilərik, amma komandaya bu qədər can yandırmaq çox önəmlidir. O, bütün hücumlardan qorxmayıb, qabağa gedirsə, buna ürək lazımdır. Onları qınamaq olmaz. Çünki çox əziyyət çəkdilər. Bu futboldur. Azərkeşlərimizin bu futbolçulardan narazı qaldığını düşünmürəm. Bu gün Nəriman qol vurub, başqasının səhvini sığortalıya bilər, sabah da digəri fərqlənib onun səhvini örtə bilər. Nəriman bu gün xalqımıza sevinc bəxş elədi.
- Futbolçulara oyunun gedişində hansı fikirləri çatdırdınız ki, meydanda belə ürəklə oynamağı bacardılar?
- Bu tək bu günün işi deyil. Bizim şanlı zəfərimizdən sonra daima rəqibin üzərinə getməyi onlara bildirirəm. Biz qalib xalqın vətəndaşıyıq. Biz aylarla bu səviyyəyə çatmışıq. Sonda isə bu cür azərkeş qarşısında mənim əlavə motivasiyama ehtiyac olmur.
- Komandanın bu günkü oyunundan sonra oyunçularınıza təkliflər olacaq. Bu barədə nə düşünürsünüz?
- Hər sahənin öz çətinlikləri var. İstərdim ki, həmişə belə qalibiyyətlər və futbolçularımız barədə çox yazılar yazılsın. Hardasa nəyisə itiririksə və əl çəkmiriksə, ona düzgün yanaşırıqsa, bunun qarşılığı olmalıdır. Biz öz işimizlə məşğul olub, bunun öhtəsindən gəlməliyik. Nəticələr gələcək. Oyunçularımıza təki təkliflər olsun. Biz klub olaraq böyüməliyik. Belə hallar olmasa, transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Amma istərdim ki, bu kollektiv qalsın. Elə hallar olur ki, bizdən asılı olmur.
- Azərbaycan futbolu belə hallara acdır. Gələcəkdə ola bilər ki, hansısa kluba gedəsiz?
- Nə deyim? Yaxşı olar. Mən ümumilikdə inanın ki, ölkənin bir kiçik vətəndaşıyam. Çox məsuliyyətlə öz vətənimə və xalqıma xidmət etməyi düşünmüşəm. Bundan həzz alıram. Yavaş-yavaş irəliləyib, əziyyətimizin bəhrəsini görürük.
- Portuqaliyadakı qələbədən sonra futbolçularınızı başınıza yığıb nəsə demişdiz. Bildirdiz ki, bunu Bakıda açıqlayacaqsız. Braqadakı matçdan sonra onlara nə demişdiz?
- Onlarla kiçik bir dialoqumuz oldu. Bildirdim ki, biz hələ heç nə etməmişik. Bundan sonra daha diqqətli olmalıyıq. Güclü rəqiblə qarşılaşacayıq. Özümüzü doğru və düzgün idarə etməliyik. Gələn təriflərə və təkliflərə meyl salmamaları barədə sözlər söyləmişdim.
- Əvvəllər oyunlara ehtiyatla yanaşırdız. Amma Vətən müharibəsindən sonra deyirdiz ki, qalib ölkənin komandası kimi meydana çıxırıq. Xankəndidə ilk oyununuzu keçirdiz. Avrokuboklar matçını da burada keçirmək istəyərdiz?
- Xankəndindəki anlar, həmin gün əvəzolunmaz idi. İnanın ki, cənab Prezident topa ilk zərbəni vuranda, əllərini belinə qoyub dayananda onunla qürur duydum, ləzzət aldım. Futbolçularımız müharibə zamanı hadisələrlə çox maraqlanıblar, onlara igidlərimiz haqda məlumatlar verilib. Qələbəni də başda cənab prezident olmaqla, xalqımıza həsr edirik.
- Köməkçiniz Elçin Rəhmanov qırmızı vərəqə aldıqdan və meydandan kənarlaşdırıldıqdan sonra onun yoxluğunu necə hiss etdiz?
- Komandamızda onun rolu danılmazdı. Ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var və onunda da komandaya fayda verir. Bəzi dəqiqələrdə çevrilirdim ki, nəsə deyim, görürdüm yoxdur. Daha sonra uyğunlaşdım. Amma komanda hər şeyi bacardı. Qarşıdakı matçda yanımda olmayacaq. Buna baxmayaraq, ünsiyyət quracağıq.
Banuçiçək Hüseynli
İdman.biz
