BAKI, AzerVoice
Qətər, İran və İsrail arasında baş verən münaqişənin həlli məqsədilə bütün tərəflər arasında dialoqun bərpası üçün diplomatik səylər göstərir.
AzerVoice xəbər verir ki, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İstanbulda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşü zamanı açıqlama verib.
O vurğulayıb ki, Doha bütün tərəflər arasında mübahisəli məsələlərin həlli və regionda, eləcə də dünyada təhlükəsizliyin möhkəmləndirilməsi üçün tərəfdaşları ilə birlikdə səylər göstərir.
Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, ölkə İsrailin İrana qarşı təcavüzünü qətiyyətlə pisləyir və bunu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.