BAKI, AzerVoice
Aviasiya tarixində sağ qalan tək sərnişinlər necə xilas olublar?
AzerVoice xəbər verir ki, Hindistanda
baş verən son təyyarə qəzasından yalnız bir nəfərin sağ qalması
aviasiya tarixində bənzər möcüzəvi hadisələri yenidən gündəmə
gətirib.
Air India şirkətinə məxsus təyyarə iyunun 12-də Əhmədabad şəhərində
qəzaya uğrayıb və 242 sərnişindən yalnız biri – 40 yaşlı
britaniyalı Vişvaş Kumar Rameş sağ qalıb.
Qəzadan sağ çıxan Rameş 11A oturacağında əyləşib və hazırda xəstəxanada müalicə alır. Bu kimi hadisələr tarixdə nadir hallarda baş versə də, bənzər "möcüzəli qaçışlar" daha əvvəl də qeydə alınıb.
Aviasiya tarixində sağ qalan tək yolçular:
Juliane Koepcke (1971): LANSA Uçuş 508-in qəzasında 17 yaşlı Koepcke 10 min futdan yerə çırpılan təyyarədən sağ çıxıb. 11 gün tək başına Amazon cəngəlliyində qalıb.
Vesna Vuloviç (1972): JAT Airways-in 367 saylı reysində 33 min futdan yerə düşərək sağ qalan stüardessa Ginnesin Rekordlar Kitabına düşüb.
Cecelia Cichan (1987): Northwest Airlines 255 saylı reysində 4 yaşlı qız bütün ailəsini itirsə də, ağır yaralı vəziyyətdə sağ qalıb.
Bahia Bakari (2009): Yəmən Hava Yollarına məxsus 626 saylı reysin Hind okeanına düşməsi nəticəsində 12 yaşlı qız xilasedici jiletsiz saatlarla suyun üzərində qalaraq sağ qalıb.
Ruben van Assouw (2010): Liviyada baş verən Afriqiyah Airways qəzasından 9 yaşlı hollandiyalı oğlan sağ çıxan yeganə şəxs olub.
Təhlükəsiz oturacaq varmı?
Araşdırmalar göstərir ki, təyyarənin arxa hissəsindəki oturacaqlarda sağ qalma ehtimalı daha yüksək ola bilər. Popular Mechanics jurnalına görə, arxa üçdə bir hissədəki sərnişinlərin sağ qalma nisbəti ön hissəyə nisbətən 40 faiz daha yüksəkdir. Time jurnalı isə arxadakı orta oturacaqların sağ qalma şansını 72 faiz olaraq göstərib.
Qeyd edək ki, mütəxəssislər bu statistikanın ümumiləşdirilmiş olduğunu və hər qəzanın özünəməxsus xüsusiyyət daşıdığını bildirirlər.