BAKI,AzerVoice
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən yayımlanan yeni hesabatda göstərilir ki, aşağı doğum səviyyələri insanların şəxsi qərarlarından çox, onların qarşısında duran sosial-iqtisadi maneələrlə bağlıdır.
UNFPA və YouGov-un 14 ölkədə 14 min nəfərdən çox insanla apardığı sorğunun nəticələrinə görə, insanların istədikləri sayda uşaq sahibi ola bilməməsinin əsas səbəbi seçim imkanlarının olmamasıdır.
“Ümumi reproduktiv sağlamlıq yalnız təzyiqlərdən azad olmaq və xidmətlərə çıxışla məhdudlaşmır. Əsl seçim imkanı, cinsiyyət bərabərliyi, iqtisadi sabitlik, sağlamlıq və gələcəyə inam da daxil olmaqla, daha geniş sosial şərait tələb edir" - deyə UNFPA-nın icraçı direktoru Nataliya Kanem bildirib.
Araşdırma zamanı Almaniya, İtaliya, İsveç və Macarıstan kimi Avropa Birliyi ölkələrində iştirak edən qadın və kişilərin əksəriyyəti ideal uşaq sayını “iki” olaraq qiymətləndirib. Lakin bu istəyə çatmağa əngəl olan səbəblər də açıq şəkildə ortaya qoyulub.
İtaliyada uşağa sahib olmaq istəklərinə mane olan səbəblər sırasında sonsuzluq və sağlamlıq problemləri (müvafiq olaraq 15 faiz və 13 faiz) əsas yer tutur. Maliyyə məhdudiyyətləri isə Macarıstanda ən yüksək göstəriciyə – 34 faizə çatır. Almaniya və İsveçdə də əsas maneələrdən biri məhz maliyyə problemləridir.
İtalyan respondentlərin 30 faizi işsizlik və qeyri-sabit məşğulluğu problem kimi qeyd edir. 19 faizi isə ölkənin siyasi və sosial mühitindən narahat olduqlarını bildirir. Həmçinin İtaliya, İsveç və Macarıstanda respondentlərin 17 faizi uyğun həyat yoldaşı tapa bilməməyin də problem olduğunu vurğulayıb. Almaniyada bu göstərici 15 faiz təşkil edib.