BAKI, AzerVoice
Vaşinqton Qazaxıstanla təhlükəsizlik, enerji, investisiya və texnologiya sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşündə səsləndirib.
Qazaxıstan nümayəndə heyətinin Vaşinqtona rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ABŞ və Qazaxıstan arasında ikitərəfli ticarət, investisiya və infrastrukturun inkişafı müzakirə olunub.
ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton regional inteqrasiyanı təşviq edən “C5+1” diplomatik platforması çərçivəsində əməkdaşlığı davam etdirməyə və kritik mineral ehtiyatlar sahəsində yeni imkanları araşdırmağa hazırdır.
Marko Rubio görüşdə ABŞ-ın Qazaxıstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib. O, bu görüşün iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təkan verəcəyini qeyd edib.
Tərəflər enerji, ticarət, yüksək texnologiyalar və logistik sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qazaxıstan tərəfi, xüsusilə amerikalı texnologiya şirkətləri üçün əlverişli hüquqi və inzibati mühitin yaradılmasına sadiqliyini vurğulayıb.
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu həmçinin ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir ilə də görüş keçirib. Tərəflər ticarət-iqtisadi əməkdaşlıq, gömrük və tarif məsələləri, eləcə də yüksək texnologiyalar, enerji, nadir metallar və nəqliyyat sahələrindəki layihələri müzakirə ediblər.
Qazaxıstan tərəfi ABŞ investisiyaları üçün əlverişli mühit yaradıldığını və aparıcı amerikalı şirkətlərlə bir sıra iri layihələrin icra olunduğunu bildirib. Səfər çərçivəsində həmçinin Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və “Colorado School of Mines” universitetinin qlobal təşəbbüslər üzrə vitse-prezidenti Con Bredford arasında Qazaxıstanda geologiya və dağ-mədən sahəsində fəaliyyət göstərəcək filialın açılması ilə bağlı müqavilə imzalanıb.