BAKI,AzerVoice
Özbəkistanın prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya üçün "İnvestisiya və Ticarət üzrə Birgə Məkan" yaradılması təşəbbüsünü irəli sürüb.
AzerVoice xəbər verir ki, bu fikirləri Mirziyoyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda səsləndirib
"Regional layihələri dəstəkləmək üçün yeni maliyyə mexanizmləri qurulmasının vaxtı gəlib. Birgə səylərlə Mərkəzi Asiyanı sülh və dayanıqlı inkişaf ərazisinə çevirə bilərik" — deyə o bildirib.
Mirziyoyevin qeyd etdiyinə görə, hazırda bölgədə bir neçə iri investisiya layihəsi həyata keçirilir. Bunlar arasında Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu inşası və enerji, infrastruktur sahələrindəki layihələr yer alır.
Forumda iştirak edən xarici nümayəndə heyətləri də Mirziyoyevin təşəbbüsünü dəstəkləyiblər. Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev, Qırğızıstanın Mərkəzi Asiya ölkələri ilə dərin və uzunmüddətli əməkdaşlığı inkişaf etdirməyə istiqamətləndiyini və regionu Avrasiya qitəsində uğurlu layihələrin həyata keçirildiyi bir məkana çevirməyi hədəflədiklərini bildirib.
Qazaxıstanın Baş naziri Oljas Bektenov isə 2029-cu ilə qədər 150 milyard dollar investisiya cəlb etməyi planlaşdırdıqlarını açıqlayıb. Tacikistan hökumətinin başçısı Koxir Rəsulzadə, regional birgə klasterlər yaratmaq və rəqəmsal layihələri inkişaf etdirmək təklifini irəli sürüb.
Avropa dövlətlərindən olan nümayəndələr də Mərkəzi Asiyanın strateji əhəmiyyətini vurğulayıblar. Bolqarıstanın prezidenti Rumen Radev, Transkaspiyə nəqliyyat dəhlizini "dostluq və sülh yolu" olaraq xarakterizə edib.
Slovakiya Baş naziri Robert Fiko isə Özbəkistanı Avropa Birliyi üçün etibarlı tərəfdaş olaraq qiymətləndirib və Daşkəndi logistika mərkəzi olaraq adlandırıb.