BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyə ilə Çin arasında fərqli coğrafiyalarda əməkdaşlığın mümkün olduğunu bildirərək, “Bu əməkdaşlıq Afrika, Yaxın Şərq, Orta Asiya və ya Balkanlarda ola bilər. Bu bölgələrdə də əməkdaşlığa açığıq,” – deyə qeyd edib.
AzerVoice xəbər verir ki, nazir Bayraktar, Çin dövlət televiziyasına bağlı CGTN Türk kanalına verdiyi müsahibədə Türkiyə ilə Çin arasında enerji əməkdaşlığına dair qiymətləndirmələr aparıb.
Xüsusilə nüvə enerjisi, bərpa olunan enerji, enerji ötürülməsi və faydalı qazıntılar sahəsində Çinlə əməkdaşlıq imkanlarının olduğunu vurğulayan Bayraktar, enerjinin saxlanması və batareya istehsalı sahəsində Türkiyədə ciddi fürsətlər olduğunu, bəzi Çin şirkətlərinin artıq Türkiyədə istehsal fəaliyyətinə başlamağı düşündüyünü bildirib.
“Türkiyə və Çin müxtəlif coğrafiyalarda əməkdaşlıq edə bilər. Bu, Afrika, Orta Şərq, Orta Asiya və Balkanlar ola bilər. Türkiyə ilə Çin arasında əməkdaşlıq imkanları, son həftələrdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində təşkil olunan görüşlərdə də gündəmə gəldi. Çin Xalq Respublikasının Milli Enerji İdarəsinin rəhbəri Vanq Honqji və Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanjie ilə yanaşı bir sıra şirkətlərlə də görüşlər keçirdik. Çinlə enerji sahəsində əməkdaşlıq edə biləcəyimiz çoxsaylı sahələr var.” - deyə Bayraktar qeyd edib.
Nazir Bayraktar, Çinlə dənizüstü (offshore) külək elektrik stansiyası layihəsi üzərində müzakirələr apardıqlarını da açıqlayıb.
“Dənizüstü külək enerjisi layihəsi Türkiyə üçün bir ilk olacaq və bəlkə də bu layihəni Çin şirkətləri ilə birlikdə həyata keçirəcəyik. Xüsusilə elektrik enerjisinin Avropaya ötürülməsi üçün yeni enerji xətləri çəkməyi planlaşdırırıq. 2035-ci ilə qədər təxminən 30 milyard dollarlıq proqram açıqlamışıq və bu proqram Çin tərəfindən böyük maraqla qarşılanıb. Bu layihələr eyni zamanda Çinin ‘Kəmər və Yol’ təşəbbüsü ilə də uyğunluq təşkil edir.” - deyə vurğulayıb.
Nazir Bayraktar, nüvə enerjisini Çinlə mümkün əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xarakterizə edib.
“Ziyarət çərçivəsində xüsusilə Çin Milli İnkişaf və İslahat Komissiyasının rəhbəri Cenq Şanjie-yə çatdırdım: Trakyada qurulması planlaşdırılan nüvə enerji stansiyasını qlobal səviyyəli karbonsuz enerji və məlumat mərkəzinə çevirməyi təklif etdik. Bu layihəyə bərpa olunan enerji, günəş, külək, enerji saxlama, məlumat mərkəzi və nüvə enerji stansiyası daxildir – yəni, genişmiqyaslı bir enerji və məlumat parkından söhbət gedir. Bu konsepsiya olduqca maraq doğurdu. Hesab edirəm ki, bu, iki ölkənin ortaq maraqlarına uyğun bir layihədir.”
Bayraktar əlavə edib ki, nüvə enerjisi, bərpa olunan enerji, enerji ötürülməsi, mədənçiliyin inkişafı, xüsusilə də nadir torpaq elementləri sahəsində əməkdaşlıq imkanları var. Bu çərçivədə Türkiyədə aşkarlanmış nadir torpaq elementlərinin iqtisadi dövriyyəyə qazandırılması ilə bağlı layihələr müzakirə olunur. Neft və təbii qaz sahəsində əməkdaşlığın isə artıq davam etdiyini bildirib.