BAKI, AzerVoice
Özbəkistan və Çin arasında qarşılıqlı vizasız gediş-gəliş haqqında hökumətlərarası saziş 2025-ci il iyunun 1-dən etibarən qüvvəyə minəcək.
AzerVoice xəbər verir ki, sazişə əsasən, hər iki ölkənin vətəndaşları hər səfərdə 30 gündən artıq olmayan müddətdə vizasız şəkildə qarşılıqlı səfər edə biləcəklər.
Vizasız rejim yalnız turizm və şəxsi məqsədli səfərləri əhatə edir. Əmək fəaliyyəti, təhsil, media və əvvəlcədən rəsmi icazə tələb edən digər sahələr bu rejimə daxil deyil. Eyni zamanda saziş Çin Xalq Respublikasının xüsusi inzibati bölgələri olan Honq Konq və Makao şəhərlərinə səfərləri əhatə etmir.
Xatırladaq ki, vizasız rejimə dair razılaşma 2024-cü il dekabrın 1-də Çinin Çendu şəhərində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ tərəfindən imzalanıb.
Bu addım iki ölkə arasında turizm, ticarət və mədəni əlaqələrin daha da inkişafına töhfə vermək məqsədi daşıyır.