BAKI, AzerVoice
İsrail ordusu Qəzza zolağında malik olduğu bütün daimi piyada və tank briqadalarını yerləşdirib.
AzerVoice xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb.
Məlumata görə, hazırda Qəzza zolağında “Givati”, “Qolani”, “Kfir”, “Nahal” briqadalarının, hava-desant qüvvələrinin, xüsusi təyinatlıların, 7-ci, 188-ci və 401-ci tank briqadalarının, həmçinin müəyyən sayda ehtiyatda olan hərbçilərin bölmələri fəaliyyət göstərir. Nəşr qeyd edir ki, bu qüvvələrin bölgəyə cəlb olunması, döyüş əməliyyatlarının daha da intensivləşdirilməsinə hazırlıq çərçivəsində həyata keçirilir.
Bundan əvvəl İsrail ordusu bildirmişdi ki, “Gideonun Arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzzada beş briqada fəaliyyət göstərir. Bu briqadaların ümumi şəxsi heyəti on minlərlə hərbçidən ibarətdir.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu, “Gideonun Arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində döyüş əməliyyatlarının başlandığını elan etmişdi. Əməliyyatın məqsədi HƏMAS-ın məğlub edilməsi və zolağda saxlanılan bütün israilli girovların azad edilməsidir.
İsrailin Baş naziri Binyamin Netanyahu bildirmişdi ki, bu əməliyyatın nəticəsində İsrail ordusu Qəzza zolağının bütün ərazisini nəzarət altına almağı planlaşdırır.