BAKI, AzerVoice
Almaniyanın Hamburq şəhərinin Mərkəzi Dəmiryol Vağzalında 18 nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlı hücumda şübhəli bilinən qadının məcburi tibbi müalicə üçün klinikaya yerləşdirilməsinə qərar verilib.
AzerVoice xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə, qadının 15 halda təhlükəli bədən xəsarətləri yetirməklə birlikdə ehtiyatsızlıqdan adam öldürməyə cəhd ittihamı ilə məcburi şəkildə tibbi müəssisəyə yerləşdirilməsinə qərar verib. Bildirilir ki, Aşağı Saksoniya mənşəli bu qadının daimi yaşayış yeri yoxdur.
Xatırladaq ki, hücum mayın 23-də yerli vaxtla saat 18:05-də baş verib. Hazırda yaralıların vəziyyəti sabitdir. 15 nəfər bıçaq xəsarətləri, kəsik və deşici yaralar alıb. Daha üç nəfər isə yıxılma nəticəsində və ya psixoloji şok səbəbilə xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs 39 yaşlı qadın olub. O, artıq saxlanılıb. Polisin bildirdiyinə görə, hadisənin arxasında hər hansı siyasi motiv aşkar edilməyib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, qadının psixi pozuntuya malik olduğuna dair konkret sübutlar var. Almaniyanın "Bild" qəzeti qeyd edir ki, qadın paranoidal şizofreniyadan əziyyət çəkir. Həmçinin o, hadisədən yalnız bir gün əvvəl psixiatriya xəstəxanasından buraxılıb.