Bakı, AzerVoice, Nailə Babazadə
Türkiyənin ilk pilotsuz dəniz vasitəsinin ixracını həyata keçirən ULAQ Global beynəlxalq uğurunu Səudiyyə Ərəbistanına daşıyıb.
AzerVoice xəbər verir ki, SAMI Group-un törəmə şirkəti və Dövlət İnvestisiya Fonduna (PIF) məxsus SAMI Autonomous Company ilə ULAQ Global Autonomous Systems arasında Ər-Riyadda keçirilən World Defense Show 2026 çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.
Saziş Səudiyyə Ərəbistanında pilotsuz dəniz sistemlərinin dizaynı, hazırlanması, istehsalı, sistem inteqrasiyası və texniki xidmət sahələrində geniş əməkdaşlıq mexanizminin yaradılmasını nəzərdə tutur. Tərəflər texnologiya transferi, birgə inkişaf layihələri və yerli istehsal proseslərinin dəstəklənməsini hədəfləyir.
Bu sahədə Səudiyyə Ərəbistanında imzalanan ilk razılaşma olan sənəd “Vizyon 2030” strategiyası çərçivəsində ölkənin dənizçilik və müdafiə imkanlarının lokallaşdırılmasına, eləcə də davamlı müdafiə sənayesi ekosisteminin formalaşdırılmasına töhfə verməyi məqsəd qoyur.
ULAQ Global-in İdarə Heyətinin üzvü Kerem Kalafatoğlu bildirib ki, SAMI ilə imzalanan saziş həm şirkət, həm də Türkiyənin müdafiə sənayesi üçün mühüm addımdır. Onun sözlərinə görə, razılaşma pilotsuz dəniz vasitələrinin birgə hazırlanması, texnologiya transferi və yerli istehsalın təşkili istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Kalafatoğlu əlavə edib ki, ULAQ Global yalnız Səudiyyə Ərəbistanında deyil, digər beynəlxalq bazarlarda da fəaliyyətini genişləndirir və şirkətin qlobal miqyasda böyüməsi əsas hədəflərdən biridir
Açar sözlər: ULAQ Global, SAMI Autonomous, Səudiyyə Ərəbistanı pilotsuz dəniz vasitəsi, Türkiyə müdafiə ixracı, SİDA istehsalı, Vizyon 2030, Kerem Kalafatoğlu.
Təsvir: Türkiyənin ULAQ Global şirkəti Səudiyyə Ərəbistanının SAMI Group şirkəti ilə pilotsuz dəniz sistemlərinin birgə istehsalı və texnologiya transferi barədə müqavilə imzalayıb.