BAKI, AzerVoice, Nailə Babazadə
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək.
AzerVoice xəbər verir ki, Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.
Xarici işlər naziri bu mövqeyini “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində ifadə edib. O, ölkədə baş verən iğtişaşların “zorakı mərhələsinin 72 saatdan az davam etdiyini” iddia edib və zorakılıqlara görə silahlı nümayişçiləri məsul tutub. Bununla belə, İrandan sızan və internetin kəsilməsinə baxmayaraq yayılan videolarda təhlükəsizlik qüvvələrinin silahsız görünən etirazçılara qarşı real güllələrdən istifadə etdiyi əks olunur. Əraqçi bu iddialara məqaləsində toxunmayıb.
Nazir ötən ilin iyununda İsrailin İrana qarşı başlatdığı 12 günlük müharibəyə istinad edərək yazıb ki, Tehran həmin dövrdə təmkin nümayiş etdirsə də, gələcəkdə bu mövqeni saxlamağa məcbur olmayacaq. “2025-ci ilin iyununda göstərilən təmkinin əksinə olaraq, güclü silahlı qüvvələrimiz yenidən hücuma məruz qalsaq, əlimizdə olan hər şeylə cavab verməkdə zərrə qədər tərəddüd etməyəcək”, – deyə Əraqçi vurğulayıb.
O əlavə edib ki, bu açıqlama hədə deyil, reallığın ifadəsidir: “Mən diplomat və müharibə veteranı kimi müharibədən nifrət edirəm”.
Əraqçinin sözlərinə görə, hər hansı genişmiqyaslı qarşıdurma qaçılmaz olaraq son dərəcə şiddətli olacaq və İsrailin və onun müttəfiqlərinin Vaşinqtona təqdim etdiyi “xəyali vaxt cədvəllərindən” daha uzun çəkəcək. Nazir bildirib ki, belə bir müharibə regionu daha geniş miqyasda əhatə edəcək və nəticələri bütün dünyada mülki əhaliyə təsir göstərəcək.