BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəs prosesi çərçivəsində yaradılan "Sülh Şurası"na qatılmaqdan imtina edəcəyi təqdirdə rəsmi Parisə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcəyini bəyan edib.
AzerVoice xəbər verir ki, Tramp Makronun bu dəvətə müsbət yanaşmadığı barədə iddialara cavab olaraq Fransadan idxal edilən şərab və şampanlara 200 faiz gömrük rüsumu tətbiq edə biləcəyini bildirib.
Prezident Tramp mətbuat mənsublarına verdiyi açıqlamada Makronun "Sülh Şurası"nda iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, əgər Fransa prezidenti bu təşəbbüsdən kənarda qalmağa qərar verərsə, ABŞ Fransa məhsullarına tətbiq edilən vergiləri kəskin artıracaq. Tramp həmçinin Makronun tezliklə vəzifəsindən ayrılacağını iddia edərək onun artıq ölkəsində "istənilməyən şəxs" olduğunu müdafiə edib.
Donald Tramp Qəzza sülh planının ikinci mərhələsinin əsas hissəsi olan "Sülh Şurası"na Rusiya Prezidenti Vladimir Putinin də dəvət edildiyini təsdiqləyib. Bununla yanaşı, ABŞ lideri NATO-ya ən böyük töhfəni özünün verdiyini və Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini yenidən gündəmə gətirib. O, Danimarkanın bölgəni müdafiə etmək iqtidarında olmadığını və NATO-nun bu barədə Kopenhageni uzun illərdir xəbərdar etdiyini xatırladıb.
Nobel Sülh Mükafatının Norveç tərəfindən idarə olunduğunu və bu mükafatın onun üçün əhəmiyyət kəsb etmədiyini deyən Tramp əsas məqsədinin insan həyatını xilas etmək olduğunu bildirib. "Mən on milyonlarla insanın həyatını xilas etdiyimi düşünürəm. Hindistan və Pakistan arasındakı gərginliyə baxın" deyən Tramp səkkiz müharibəni dayandırdıqlarını və yaxın vaxtlarda doqquzuncusunu da dayandıra biləcəklərini vurğulayıb.
"Le Monde" qəzetinin verdiyi məlumata görə, Fransa tərəfi bir çox ölkə kimi "Sülh Şurası"na dəvət edildiyini təsdiqləsə də, hələlik bu təklifə müsbət cavab verməyi düşünmür. Yelisey sarayına yaxın mənbələr təklif olunan hüquqi çərçivənin müttəfiqlərlə birlikdə araşdırıldığını, lakin hazırkı mərhələdə qərarın mənfi olduğunu qeyd ediblər.