BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.
AzerVoice xəbər verir ki, HRANA-nın yaydığı məlumatda etiraz dalğası zamanı 26 min 15 nəfərin nəzarətə alındığı qeyd olunur. Agentlik cəmi bir gün əvvəl ölü sayını 3 min 919 olaraq elan etmişdi. Rəqəmlərdəki sürətli artım yeni hadisələrin baş verməsi ilə deyil, əvvəlki günlərdə qeydə alınan ölüm hallarının rəsmi şəkildə təsdiqlənməsi prosesi ilə izah olunur.
Xatırladaq ki, İrandakı nümayişlər 2025-ci il dekabrın 28-də yerli valyutanın kəskin dəyər itirməsi və ağır iqtisadi şəraitə etiraz olaraq Tehran Böyük Bazarında esnafın başlatdığı yürüşlərlə başlamışdı. Hadisələrin 8 yanvarda Tehranda daha da şiddətlənməsindən sonra hakimiyyət ölkə üzrə internetə çıxışı tamamilə məhdudlaşdırmışdı. Hazırda aksiyaların səngidiyi və internetin qismən bərpa olunduğu xəbər verilir.
İran rəsmiləri bu günə qədər ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı rəsmi rəqəmləri açıqlamayıb. Lakin hökumət 3700-dən çox təhlükəsizlik əməkdaşının yaralandığını və iğtişaşları törətməkdə ittiham olunan 3 min nəfərin saxlanıldığını bəyan edib. İranın ali lideri Ayətullah Əli Xameneyi isə 17 yanvarda etdiyi çıxışda baş verən dağıntılara görə ABŞ və İsraillə əlaqəli şəxsləri günahlandıraraq, xarici güclərə bağlı qrupların minlərlə insanı qətlə yetirdiyini iddia edib.