BAKI, AzerVoice, Nailə Babazadə
AzerVoice-nin təqdim etdiyi Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin hüquqi tərəfləri, könüllülük prinsipi və tərəflərin bərabərliyi barədə sualları cavablandırıb.
AzerVoice saytına istinadən Hümmət Əliyevlə aparılan söhbətin növbəti hissəsini təqdim edirik:
Mediasiya qanunla tənzimlənən hüquqi mexanizmdir
Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.
Könüllülük mediasiyanın təməl daşıdır
Mediasiya prosesinin əsasını könüllülük prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər mediasiyaya öz istəkləri ilə müraciət edir və prosesin istənilən mərhələsində onu dayandırmaq hüququna malikdirlər. Mediator vurğulayır ki, heç bir tərəf razılaşmaya məcbur edilmir və əldə olunan nəticə yalnız tərəflərin sərbəst iradəsinə əsaslanır.
Tərəflərin hüquqları bərabərlik və məxfiliklə qorunur
Mediasiya prosesində vətəndaşların hüquqları bir neçə mexanizmlə qorunur. Mediatorun bitərəf və müstəqil mövqeyi burada ən vacib amildir. Müzakirələr məxfi şəkildə aparılır və hər iki tərəfə bərabər söz haqqı tanınır. Tərəflərin sosial statusundan, vəzifəsindən və ya hüquqi bilik səviyyəsindən asılı olmayaraq prosesdə eyni imkanlara malik olması bərabərlik prinsipinin əsasını təşkil edir. Mediator bu balansın qorunmasına nəzarət edir və heç bir tərəfin üstün mövqedə olmasına yol vermir.
Mediasiya məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır
Hüquqi baxımdan mediasiya məhkəməni, hakimi və ya rəsmi qərarvermə səlahiyyətini əvəz etmir. Mediator qərar qəbul edən şəxs deyil, sadəcə tərəflərə ortaq məxrəcə gəlməkdə kömək edən tərəfdaşdır. Əgər mediasiya nəticəsində razılaşma əldə olunmazsa, tərəflərin məhkəməyə müraciət etmək hüququ tam şəkildə saxlanılır. Bu baxımdan mediasiya məhkəməni tamamlayan daha çevik və səmərəli bir vasitədir.
Qeyd: Mediasiya mübahisələrin daha sürətli, qarşıdurmasız və sivil dialoq yolu ilə həllinə imkan yaradan müasir hüquqi mexanizm kimi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44
