BAKI, AzerVoice, Nailə Babazadə
İranda iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayı 3 min 919 nəfərə yüksəlib.
AzerVoice xəbər verir ki, ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlarla bağlı son hesabatını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində baş verən hadisələr zamanı indiyədək 24 min 669 nəfər saxlanılıb. Agentlik qeyd edib ki, yalnız son bir gündə təsdiqlənmiş ölüm hallarının sayı 3 min 308-dən sürətlə artaraq hazırkı həddə çatıb. Xatırladaq ki, etirazlar 2025-ci ilin dekabrında Tehranda başlayaraq qısa müddətdə ölkə boyu genişlənib və yanvarın 8-də paytaxtda toqquşmaların şiddətlənməsi ilə nəticələnib.
İran rəhbərliyi isə ölənlərin sayı ilə bağlı rəsmi statistika yaymaqdan yayınır. Rəsmi Tehran yalnız terror qruplaşmaları ilə əlaqəli olduğu iddia edilən 3 min nəfərin saxlanıldığını təsdiqləyib. İranın ali rəhbəri Ayətullah Əli Xameneyi yanvarın 17-də verdiyi bəyanatda hadisələrə görə İsrail və ABŞ-ı ittiham edərək həmin qüvvələrlə əlaqəli şəxslərin ölkədə böyük dağıntılar törətdiyini və minlərlə insanın ölümünə səbəb olduğunu bildirib. Hazırda etirazların intensivliyi azalsa da, ölkədə internetə çıxış hələ də məhdud səviyyədə saxlanılır.
