BAKI, AzerVoice, Nailə Babazadə
İranda iqtisadi problemlər səbəbindən başlayan və 16 gündür davam edən nümayişlərdə ölənlərin sayı kəskin şəkildə artaraq 646 nəfərə yüksəlib.
AzerVoice xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı son hesabatda ölkənin 31 əyalətinə yayılan etirazların ağır nəticələri açıqlanıb. Hesabata əsasən, həyatını itirənlər arasında 505 aksiya iştirakçısı, 133 təhlükəsizlik əməkdaşı və bir prokuror var. Ölənlərdən 9 nəfərinin 18 yaşından kiçik olduğu bildirilir.
Məlumata görə, nümayişlər zamanı indiyədək 10 min 721 nəfər saxlanılıb. HRANA-nın bir gün əvvəlki hesabatında ölü sayı 538, saxlanılanların sayı isə 10 min 600 olaraq qeyd edilmişdi. Bu da gərginliyin hələ də artmaqda olduğunu göstərir.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) isə təhlükəsizlik qüvvələri arasındakı itkiləri qeyd etmədən, yalnız 648 etirazçının həyatını itirdiyini bəyan edib. Hesabatlarda minlərlə insanın yaralandığı, xəsarətlərin əsasən rezin və saçıntılı güllələrdən qaynaqlandığı vurğulanır. İran rəsmi dairələri isə indiyədək ölənlərin və yaralananların sayı ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları 28 dekabr 2025-ci ildə yerli valyutanın kəskin dəyər itirməsi və ağır iqtisadi şərait səbəbindən Tehran Bazarında esnafların tətili ilə başlayıb və qısa müddətdə ölkənin demək olar ki, bütün iri şəhərlərinə yayılıb.
