BAKI, AzerVoice, Nailə Babazadə
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibə istəmədiyini lakin istənilən ssenariyə, o cümlədən ədalətli danışıqlara hazır olduğunu bildirib.
AzerVoice xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Əraqçi Tehrandakı xarici səfirlər və missiya rəhbərləri qarşısında çıxış edərkən ölkədə davam edən etiraz aksiyalarını qiymətləndirib. Nazir nümayişlərin dinc şəkildə başladığını, lakin sonradan xarici güclərin müdaxiləsi ilə zorakılığa çevrildiyini iddia edib.
Əraqçi çıxışında son günlər İranda baş verən terror aktlarında ABŞ və İsrailin iştirakına dair çox sayda sənəd və sübuta malik olduqlarını vurğulayıb. O, Qərb ölkələrini terrorçuları pisləmək əvəzinə İranın təhlükəsizlik qüvvələrini hədəf almaqda ittiham edib. Nazir bildirib ki, Qəzzada 70 mindən çox insanın qətlini görməzdən gələnlər bu gün İrandakı terrorçu qrupları dəstəkləyirlər.
Ölkəsinin müdafiə mövqeyində olduğunu deyən Əraqçi qeyd edib ki, İran savaşa hazırdır lakin preventiv müharibə gündəmdə deyil. O, eyni zamanda bərabər hüquqlara və qarşılıqlı hörmətə əsaslanan ədalətli müzakirələrə açıq olduqlarını ifadə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın onlarla əlaqə saxladığını və bir görüşün planlaşdırıldığını, lakin ölkədəki hadisələr səbəbindən görüşdən əvvəl hərəkətə keçməli ola biləcəklərini bəyan etmişdi.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildən iqtisadi problemlər və yerli valyutanın dəyərdən düşməsi səbəbindən başlayan etirazlar bir çox şəhərə yayılıb. İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) 11 yanvar tarixli hesabatına əsasən, nümayişlərin 15 günü ərzində 544 nəfər həyatını itirib, 10 mindən çox insan isə saxlanılıb.