BAKI, AzerVoice, Nailə Babazadə
Livan və Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında dəniz səlahiyyət sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi barədə anlaşma imzalanıb.
AzerVoice xəbər verir ki, imzalanma mərasimi başkənd Beyrutdakı Baabda Sarayında keçirilib. Tədbirdə Livan Prezidenti Cozef Aun, GKRY lideri Nikos Hristodulidis və Livan Bayındırlıq və Nəqliyyat Naziri Fayiz Rasamini iştirak ediblər.
Mərasimdən sonra birgə mətbuat konfransında çıxış edən Aun, anlaşmanın imzalanmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bu razılaşma sayəsində Livan və Cənubi Kipr Rum Administrasiyası dəniz resurslarını kəşf etmək və bu sahədə ortaq əməkdaşlığı genişləndirmək imkanına sahib olacaq.
Aun həmçinin, dəniz sərhədlərinin müəyyənləşdirilməsindən sonra kəşfiyyat fəaliyyəti aparan şirkətlərin işlərinin asanlaşacağı ikitərəfli razılaşmaların hazırlanması üçün ciddi çalışacaqlarını qeyd edib.
Cənubi Kipr Rum Administrasiyası ilə enerji, kommunikasiya infrastrukturu, turizm və müdafiə sahələrində ortaq layihələr həyata keçirə biləcəklərini bildirən Aun, “Bu əməkdaşlıq heç kimi hədəf almır və heç kimi istisna etmir. Hər hansı qonşuya, dosta və ya tərəfdaşımıza mane olmaq məqsədimiz yoxdur” deyib.
GKRY lideri Hristodulidis isə razılaşmanın tərəflər arasındakı əməkdaşlığı gücləndirdiyini və Yaxın Şərqdə enerji sahəsindəki əməkdaşlıq imkanlarını artırdığını vurğulayıb. O, bölgənin Avropa üçün alternativ enerji koridoru olması perspektivindən danışaraq, Livanla elektrik əlaqəsi üzrə fizibilite işlərini hazırlamaq üçün yaxın gələcəkdə Dünya Bankasına müraciət edəcəklərini qeyd edib.
Qeyd edək ki, Livan hökuməti 23 oktyabr tarixində Cənubi Kipr Rum Administrasiyası ilə dəniz səlahiyyət sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə anlaşmanı təsdiqləmişdi.