BAKI,AzerVoice
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaqerlə görüşüb.
Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər inkişaf edən Azərbaycan–Vatikan münasibətlərini nəzərdən keçirib, qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu, konfessiyalararası anlaşmanın və qlobal sülh təşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Görüşdə siyasi dialoqun daha da möhkəmləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, həmçinin birgə beynəlxalq layihələrin irəlilədilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Heydər Əliyev Fondu tərəfindən dəstəklənən və Vatikan ərazisində həyata keçirilən uğurlu qoruma və bərpa layihələri müzakirə edilib və bu təşəbbüslərin dünya dini və mədəni irsinin qorunmasına mühüm töhfə olduğu qeyd olunub.
Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dini abidələrin qorunması və multikulturalizmin təşviqinə dair uzunmüddətli öhdəliyi də diqqətə çatdırılıb.
Həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Sammiti razılaşmalarının icrası və Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri də müzakirələrin əsas mövzuları arasında olub.