Əsas səhifə » Müsəlman Coğrafiyasında Sarsıntıların Təhlükəsi: Yeni Sərhədlərə Doğru Bir Təhlükə

Müsəlman Coğrafiyasında Sarsıntıların Təhlükəsi: Yeni Sərhədlərə Doğru Bir Təhlükə

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bölgəmizdə hər hansı bir müsəlman dövlətinin — xüsusilə də zəifləmiş, daxili qarşıdurmalara sürüklənmiş və ya xarici təzyiqlərlə zəiflədilmiş bir dövlətin — indiki həssas və mürəkkəb geosiyasi şəraitdə çökməsi təkcə həmin ölkənin faciəsi ilə yekunlaşmaz. Bu hadisə bütün regionda domino effekti yaradaraq digər ölkələrdə də sabitliyin pozulmasına, mövcud sərhədlərin mübahisələndirilməsinə və yeni separatçı hərəkatların alovlanmasına səbəb ola bilər.

Son onilliklərdə Yaxın Şərq və İslam coğrafiyası daxilində müşahidə etdiyimiz təcrübələr — İraqın parçalanması, Suriyanın uzunmüddətli vətəndaş müharibəsi, Liviya dövlətçiliyinin dağılması — bizə açıq şəkildə göstərdi ki, bir müsəlman ölkəsində dövlət institutlarının çökməsi yalnız yerli miqyasda deyil, qlobal və regional miqyasda ciddi fəsadlar doğurur. Bu tipli hadisələr təkcə geosiyasi mənzərəni dəyişmir, eyni zamanda qlobal güclərin həmin bölgələrə daha dərin müdaxilə imkanlarını da artırır.

Bu səbəbdən, bölgəmizdə sülhün, əmin-amanlığın və xüsusilə də dövlətlərin ərazi bütövlüyünün qorunması strateji baxımdan həyati əhəmiyyət daşıyır. Əgər beynəlxalq səviyyədə müsəlman ölkələrinin siyasi xəritələrinin yenidən çəkilməsinə — yəni onların ərazi itkilərinə və ya parçalanmasına — rəvac verilərsə, bu yalnız bir coğrafi dəyişiklik deyil, həm də bu ölkələrin beynəlxalq təsir imkanlarının zəifləməsi ilə nəticələnəcək. Belə bir zəifləmə isə tədricən onların daxili siyasi dirəniş gücünü azaldacaq, iqtisadi sabitliyi pozacaq və ideoloji parçalanmanı dərinləşdirəcək.

Unutmamalıyıq ki, İslam coğrafiyası təkcə torpaqla və sərhədlərlə deyil, eyni zamanda ortaq mədəni dəyərlər, tarixi yaddaş və ümumi geosiyasi iradə ilə birləşən geniş bir sivilizasiya çərçivəsidir. Bu sivilizasiya məkanının ardıcıl şəkildə zəiflədilməsi, onun vahid güc kimi çıxış etməsinin qarşısını almağa yönəlmiş uzunmüddətli planların bir hissəsidir.

Buna görə də bu gün bölgəmizdəki hər bir müsəlman ölkəsinin sabitliyi, dövlətçilik dayaqlarının möhkəm saxlanılması və ərazi bütövlüyünün qorunması yalnız daxili məsələ deyil, ümumi İslam dünyasının gələcəyi baxımından da həlledici əhəmiyyət daşıyır. Əks halda, zəifləmiş bir müsəlman ölkəsinin taleyi sabah başqa bir ölkənin də eyni aqibətlə qarşılaşmasına səbəb ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice