BAKI, AzerVoice, Nərmin Ağayeva
Suriya sahillərindəki hüquq pozuntuları hökumət əmri ilə edilməyib.
AzerVoice xəbər verir ki, BMT-nin Suriya üzrə Təhqiqat Komissiyası yeni hesabatında bildirir ki, Suriya sahillərində mart ayında başlayan və silsilə qətllərlə nəticələnən məzhəblərarası toqquşmalarda keçmiş prezident Bəşər Əsədə sadiq yaraqlılar və Suriya hökumət qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi ehtimalı mövcuddur. Lakin komissiya hökumətin bu hücumları həyata keçirmək üçün birbaşa siyasət və ya göstəriş verdiyinə dair sübut tapmadığını vurğulayıb.
Hesabatda qeyd olunur ki, zorakılıqlar əsasən Ələvi icmasını hədəf alıb və nəticədə əksəriyyəti mülki olmaqla təxminən 1400 nəfər həlak olub.
“Hesabatımızda sənədləşdirilmiş zorakılığın miqyası və qəddarlığı çox narahatlıq doğurur.” - Komissiyanın sədri Paulo Sergio Pinheiro vurğulayıb.
Məlumata görə, hesabat 200-dən çox qurban və şahidin ifadələri və üç kütləvi məzarın ziyarəti əsasında hazırlanıb.
ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak hesabatı alqışlayaraq, bunun pozuntulara görə məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində “ciddi addım” olduğunu bildirib və vahid Suriya üçün ədalətin təmin edilməsinin vacibliyini vurğulayıb.