BAKI, AzerVoice, Nərmin Ağayeva
Suriya Demokratik Qüvvələri (SDQ) Suriya hökuməti ilə imzalanmış müqaviləyə əməl etmir.
AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) mənbələri bildiriblər ki, Suriya Demokratik Qüvvələri (SDQ) 2025-ci il martın 10-da Suriya hökuməti ilə imzalanmış razılaşmanın şərtlərinə əməl etmir və separatçı ritorika ilə prosesi pozur.
Mənbələr qeyd edib ki, SDQ-nin avqustun 8-də Həsəkədə keçirilən konfransda səsləndirdiyi açıqlamalar razılaşmanın prinsiplərinə ziddir.
“Terror təşkilatı SDQ-nin təxribatçı və bölücü davranışları Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü pozur. Suriya hökuməti isə bütün etnik, dini və məzhəb fərqlərinə son qoymağı hədəfləyən əhatəli yanaşma nümayiş etdirir.” - deyə bildirilib.
Nazirlik rəsmiləri Suriyanın “Bir dövlət, bir ordu” çağırışlarının bölgədə sülh və sabitlik üçün vacib olduğunu vurğulayıb və imzalanmış müqaviləyə tam əməl olunmasının zəruriliyini qeyd ediblər.
MMN mənbələri həmçinin avqustun 13-də Türkiyə və Suriya müdafiə nazirləri arasında imzalanmış “Birgə Təlim və Məsləhətçilik Anlaşma Memorandumu” barədə məlumat veriblər. Sənəd hərbi təlim, texniki dəstək, silah sistemlərinin və maddi-texniki təchizatın təmin olunması, təcrübə və məlumat mübadiləsini əhatə edir.
Mənbələrin sözlərinə görə, məqsəd Suriyanın terrorla mübarizə qabiliyyətini gücləndirmək və müdafiə imkanlarını artırmaqdır.
MMN sözçüsü, kont-admiral Zeki Aktürk, son bir həftə ərzində görülən tədbirlər barədə də məlumat verib.
Belə ki, bir PKK üzvü könüllü olaraq təslim olub. Pəncə-Kilit əməliyyat bölgələrində terrorçulara aid sığınacaqlar məhv edilib. Qanunsuz yolla sərhədi keçməyə cəhd edən 349 nəfər saxlanılıb, 778 nəfərin keçməsinin qarşısı alınıb. Yanvarın 1-dən bu günə qədər 4 min845 nəfər saxlanılıb, 45 min 937 nəfərin isə sərhədi keçməsinin qarşısı alınıb. İğdır sərhədində 5,138 kq narkotik maddə ələ keçirilib. Suriya əməliyyat bölgələrində ümumilikdə 539 kilometr uzunluğunda tunel dağıdılıb.