BAKI, AzerVoice
İsrail İtaliyadan Qəzzaya ərzaq yardımı aparan “Madleen”yardım gəmisini bloklamağa hazırlaşır.
AzerVoice xəbər verir ki, İsrail
ordusu İtaliyadan Qəzzaya ərzaq yardımı aparan “Madleen” adlı
yelkənli gəmini bölgəyə buraxmamağa hazırlaşır.
Gəmidə tanınmış isveçli iqlim fəalı Qreta Tunberq daxil olmaqla,
ümumilikdə 11 humanitar fəalın olduğu bildirilir.
İsrailin Walla xəbər saytının hərbi mənbələrə istinadla yaydığı məlumata görə, ordunun elit dəniz komando birliyi olan “Shayetet 13” və raket gəmisi bölmələri yardım gəmisinin qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib. Əgər gəmi İsrailin xəbərdarlıqlarına məhəl qoymasa, zorla nəzarətə götürülərək Əsdud limanına aparılacaq və göyərtədəki fəallar deportasiya ediləcək.
“Madleen” gəmisinin təşəbbüskarları — Azadlıq Donanması Koalisiyası və fəallar İsrailin bu addımını “humanitar yardımın qarşısının alınması” kimi qiymətləndirərək pisləyiblər. Gəmidəki fəallar arasında iki türkün də olduğu qeyd olunub.
Qeyd edək ki, gəmi İsrailin Qəzzada həyata keçirdiyi blokada və hərbi əməliyyatlar fonunda, soyqırım təhlükəsi ilə üz-üzə qalan fələstinlilərə dəstək məqsədilə yola salınıb.