BAKI, AzerVoice
Süni intellekt sosial qarşılıqlı əlaqəni insan kimi şərh edə bilmir.
AzerVoice xəbər verir ki, Cons Hopkins Universitetinin alimləri süni intellekt sistemlərinin insanlar qədər sosial qarşılıqlı əlaqələri təhlil etməkdə çətinlik çəkdiyini müəyyən ediblər.
Tədqiqat çərçivəsində iştirakçılardan üç saniyəlik videolara baxaraq sosial münasibətləri qiymətləndirmələri istənilib. Eyni videoları 350-dən çox süni intellekt modeli də təhlil edib. İnsanlar arasında nəticələr yüksək səviyyədə uyğun gəlməsinə baxmayaraq, AI modelləri ziddiyyətli və qeyri-dəqiq nəticələr veriblər.
Mütəxəssislər bu çatışmazlığın süni intellekt modellərinin strukturundan qaynaqlandığını qeyd edirlər. Belə ki, mövcud AI modelləri daha çox statik görüntülərin emalına əsaslanır. Lakin sosial qarşılıqlı əlaqə kimi dinamik səhnələrin emalı üçün beyində bir neçə bölgə eyni anda fəaliyyət göstərir və AI bu mürəkkəbliyi tam mənimsəyə bilmir.
Tədqiqatda şəkil modellərinin qarşılıqlı əlaqələri tanımaqda zəif nəticə göstərdiyi, video modellərin isə beyin fəaliyyətini proqnozlaşdırmaqda nisbətən daha yaxşı olduğu qeyd olunub. Dil modelləri isə insan davranışlarını təxmin etməkdə daha sabit nəticələr göstərib.
“Şəkildə üzləri və obyektləri tanımaq süni intellekt üçün böyük nailiyyət idi, lakin real həyat statik deyil. Süni intellekt artıq yalnız gördüyünü yox, onun arxasındakı hekayəni və konteksti də anlamalıdır.” - deyə Tədqiqatın müəlliflərindən Kathy Garcia bildirib.
Qeyd edək ki, bu nəticələr süni intellektin insanlarla təmasda olduğu sahələrdə, xüsusən də avtonom nəqliyyat və robot texnologiyalarında potensial risklər yarada bilər. Bu səbəbdən, AI modellərinin sosial intellektə daha yaxın şəkildə inkişaf etdirilməsi elmi ictimaiyyətin qarşısında duran əsas problemlərdən biri olaraq qalır.