BAKI, AzerVoice
Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib.
AzerVoice xəbər verir ki, bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio “Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidenti vəzifələrinin icrasına başlaması barədə göstəriş verib.
D'Amelio qeyd edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı ildə baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun qaçırılması ilə əlaqədar qəbul olunub.
O izah edib ki, məhkəmənin verdiyi qanunvericilik şərhi prezidentin məcburi yoxluğu şəraitində dövlətin inzibati davamlılığının və ölkənin müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Hakim həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Nikolas Maduronun qaçırılması nəticəsində yaranmış müstəsna vəziyyət onun prezident səlahiyyətlərini icra etməsini maddi və müvəqqəti olaraq qeyri-mümkün edib.