BAKI,AzerVoice,Fərid Mikayılov
İsrailin kəşfiyyat xidməti MOSSAD Livan ərazisində gizli əməliyyat həyata keçirərək Ron Aradın taleyi ilə əlaqəli məlumatlara malik olduğu ehtimal edilən şəxsi qaçırıb.
AzerVoice xəbər verir ki, İsrail kəşfiyyatına məxsus agentlər keçmiş ümumi təhlükəsizlik zabiti Əhməd Şükrü gizli əməliyyat çərçivəsində saxlayaraq naməlum istiqamətə aparıblar.
Məlumata əsasən, Əhməd Şükrün 1986-cı ildə Livan üzərində vurulan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin pilotu Ron Arad barədə məlumatlara malik ola biləcəyi ehtimal edilir. Ron Aradın həmin dövrdə Livandakı “Əməl” hərəkatı tərəfindən əsir götürüldüyü bildirilir və İsrail tərəfi onu artıq onilliklərdir axtarır.
Livan təhlükəsizlik dairələrinin iddiasına görə, MOSSAD agentləri əməliyyatdan iki gün əvvəl Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə daxil olub və İsveç pasportlarından istifadə ediblər. Əməliyyatdan qısa müddət sonra həmin şəxslərin Livanı tərk etdikləri bildirilir.
Livan mənbələri bildirir ki, Əhməd Şükr Bekaa vadisində yerləşən Nəbi Şit kəndindən Zahla bölgəsinin dağlıq ərazisinə aparılıb və məhz orada qaçırılıb. Onun yaşadığı ərazini hansı şəraitdə tərk etməsi ilə bağlı detallı məlumat açıqlanmayıb.
Livanlı məhkəmə rəsmisi hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib. Bildirilib ki, Şükrün yoxa çıxmasından bir gün sonra İsveç vətəndaşı olduğu iddia edilən şəxslərdən birinin Beyrutdan ölkəni tərk etməsi diqqət mərkəzindədir. Hazırda Şükrün İsrail agentləri tərəfindən qaçırılması və ya öldürülməsi ehtimalları araşdırılır.
Qeyd edək ki, İsrail kəşfiyyatı daha əvvəl də Livan ərazisində oxşar gizli əməliyyatlar həyata keçirib, nəticədə bir sıra şəxslər ya qaçırılıb, ya da öldürülüb.
