BAKI,AzerVoice, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı və ABŞ süni intellekt sahəsində Strateji Tərəfdaşlıq haqqında saziş imzalayıb. AzerVoice xəbər verir ki, tərəflərin xarici işlər nazirləri bu addımı iki ölkə münasibətlərində "yeni mərhələ açan tarixi addım" kimi qiymətləndiriblər.
Birgə bəyanatda Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan və ABŞ dövlət katibi Marko Rubio bildiriblər ki, bu əməkdaşlıq innovasiya, texnoloji inkişaf və uzunmüddətli iqtisadi təhlükəsizlik üzrə ortaq strateji gündəliyi gücləndirməyə yönəlib.
Bəyanata görə, tərəfdaşlıq aşağıdakı istiqamətləri əhatə edəcək:
qabaqcıl yarımkeçiricilərin tədarükü
süni intellekt tətbiqlərinin inkişafı
yüksək səviyyəli İT və AI infrastrukturunun qurulması
milli kadr potensialının formalaşdırılması
iki ölkə arasında yüksək dəyərli sərmayələrin genişləndirilməsi
Nazirlər qeyd ediblər ki, saziş məhsuldarlığın, innovasiyanın və iqtisadi artımın gücləndirilməsinə töhfə verəcək, həm Səudiyyə, həm də ABŞ üçün sosial və iqtisadi fayda yaradacaq.
Saziş Səudiyyə Ərəbistanının enerji resursları, əlverişli coğrafi mövqeyi və geniş ərazi potensialı kimi üstünlüklərinə əsaslanaraq regional və qlobal miqyasda süni intellekt və bulud hesablama xidmətləri üçün texnoloji mərkəzlərin yaradılmasını nəzərdə tutur. ABŞ isə tərəfdaşlıqda avanqard texnologiya ekosistemi ilə iştirak edəcək.
Tərəflər bildiriblər ki, əməkdaşlıq səhiyyə, təhsil, enerji, mədənçilik və nəqliyyat kimi kritik sahələrdə yeni texnoloji həllərin inkişafını sürətləndirəcək və iki ölkə şirkətləri arasında iqtisadi əlaqələri gücləndirəcək.