BAKI, AzerVoice, Nailə Babazadə
Çin Xarici İşlər naziri Vanq Yi dünən ABŞ Xarici İşlər naziri Marko Rubio ilə telefon danışığı aparıb. Görüşdə Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətləri dünyanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır və sağlam, sabit və davamlı ikitərəfli əlaqələr həm hər iki ölkənin uzunmüddətli maraqlarına uyğundur, həm də beynəlxalq ictimaiyyətin gözləntisinə cavab verir.
AzerVoice xəbər verir ki, Vanq Yi Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın beynəlxalq liderlər olduğunu xatırladaraq, daimi ünsiyyət və qarşılıqlı hörmətin Çin-ABŞ münasibətlərinin ən dəyərli strateji sərvəti olduğunu vurğulayıb.
Son dövrlərdə Çin-ABŞ iqtisadi və ticarət əlaqələrində yenidən dalğalanmalar müşahidə edildiyini qeyd edən Vanq Yi, Malayziyanın paytaxtı Kuala Lumpurda mövcud iqtisadi və ticarət problemlərinin həlli üçün çərçivə razılaşmasının əldə olunduğunu bildirib.
ABŞ tərəfdən Rubio isə Çin-ABŞ münasibətlərinin dünyadakı ən önəmli ikitərəfli əlaqə olduğunu qeyd edib və yüksək səviyyəli qarşılıqlı əlaqələr vasitəsilə dünyaya müsbət mesajların verilməsini gözlədiklərini bildirib.