BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır.
AzerVoice xəbər verir ki, Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz.
Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.
Dövlət katibi İordan çayının Qərb sahilinin ilhaqı ilə bağlı keçirilən səsverməyə münasibət bildirərək, “Biz bunun baş verəcəyini düşünmürük. Bu, sülh prosesinə təhlükə yaradır,” deyib.
Rubio həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları üzrə Yardım və İş Agentliyinin (UNRWA) Qəzzada rol oynamasının mümkün olmadığını vurğulayıb və bu qurumu “HƏMAS-ın törəməsi” adlandırıb.