BAKI, AzerVoice
NATO, hərbi istehsalda material çatışmazlığının yaratdığı riskləri azaltmaq məqsədilə nadir torpaq elementlərinin təhlükəsiz və davamlı təchizatına yönələn yeni təşəbbüsə start verib. Qurum, bu addımla caydırıcılıq, hazırlıq və müdafiə istehsalının davamlılığını gücləndirməyi hədəfləyir.
AzerVoice xəbər verir ki, 24 iyun 2025-ci ildə keçirilən NATO Müdafiə Sənayesi Forumunda on iki müttəfiq ölkə, müdafiə üçün kritik hesab edilən xammalın birgə alınması, daşınması, saxlanılması və idarə edilməsini nəzərdə tutan yeni layihəyə razılıq verib. Beynəlxalq Strateji Araşdırmalar İnstitüsü (IISS) bu qərarın, tədarük zəncirindəki zəifliklərin hərbi əməliyyatlara təsirinə dair artan narahatlığı əks etdirdiyini vurğulayıb.
NATO dekabr 2024-də dərc etdiyi siyahıda müdafiə sənayesi üçün vacib olan 12 əsas materialı müəyyənləşdirib.
Bunlar arasında, Neodim və Disprosium (sensorlar və radar sistemləri üçün, Berillium və Titan (struktur komponentlər üçün) yer alır.
Mütəxəssislərin fikrincə, bu materialların təchizatında baş verə biləcək kəsintilər müdafiə sənayesinə uzunmüddətli zərər vura bilər.
Avropa İttifaqı 2024-cü ildə qəbul etdiyi Kritik Xammal Qanunu çərçivəsində 47 strateji layihə işə salıb, 2025-ci ilin iyununda isə bu siyahıya İttifaqdan kənar 13 layihə də əlavə edilib.