BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ-ın “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Karib dənizinə 7 döyüş gəmisi, bir sualtı qayıq və 4000 dəniz piyadası göndərməsi Venesuela ilə gərginliyi artırıb. Venesuela prezidenti Nikolas Maduro, “ABŞ Venesuelaya müdaxilə edə bilməz,” – deyərək səfərbərlik elan edib və ölkəsinin suverenliyini qoruyacağını bildirib.
AzerVoice xəbər verir ki, mənbələr, ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizinə doğru hərəkət etdiyini təsdiqləyib. Ağ Evin mətbuat katibi Karoline Leavitt, bu addımın narkotik axınının qarşısını almaq və “günahkarları” cəzalandırmaq üçün atıldığını, region ölkələrinin də dəstək verdiyini iddia edib. Leavitt, “Maduro qanuni prezident deyil, narkotik kartelinin lideridir,” – deyərək Venesuela hökumətini hədəf alıb.
ABŞ prezidenti Donald Trampın Latın Amerikasında narkotik kartellərinə qarşı yerüstü əməliyyatlar üçün sərəncam imzaladığı və avqustun 15-də 3 hərbi gəminin Venesuela sahillərinə göndərilməsinə göstəriş verdiyi bildirilir. CNN-ə danışan hərbi məmurlar, 4000 dəniz piyadasının yerləşdirilməsinin Trampın əmri ilə həyata keçirildiyini təsdiq edib.
Venesuela lideri Nikolas Maduro isə ABŞ-ın bu hərəkətlərinin ölkəsində rejim dəyişikliyi məqsədi daşıdığını iddia edərək, “Onlar Venesuelaya girə bilməzlər. Biz sülh və suverenliyimizi müdafiə edəcəyik,” – deyib. Maduro, ABŞ-ın özünü narkotik kartelinin lideri kimi təqdim edərək başına 50 milyon dollar mükafat qoyduğunu xatırladıb və ölkəsinin hava və quru patrullarını artırdığını açıqlayıb.