BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrail Müdafiə Naziri Yisrael Katz, Suriyanın Colan təpələri və Hermon dağını tərk etməyəcəklərini bəyan edərək, bu ərazilərdəki hərbi mövcudluğun “təhlükəsizlik” məqsədilə davam etdiriləcəyini bildirib.
AzerVoice xəbər verir ki, Katz X platformasında bu barədə paylaşım edib.
“7 oktyabr hadisələri göstərir ki, İsrail Müdafiə Qüvvələri Colan və Qalileyanı qorumaq üçün Hermon dağında qalmalıdır,” - deyə bildirib. Suriya Xarici İşlər Nazirliyi isə İsrailin Təl-Bat əl-Vardı təpəsinə 60 əsgər və 11 maşın yerləşdirməsini “suverenliyin pozulması” kimi pisləyib. Dəməşq bu təcavüzün regional sabitliyi təhdid etdiyini vurğulayıb. X platformasında yayılan fikirlər, İsrailin Suriya ərazilərini ilhaq siyasətinin “Vəd edilmiş Torpaq” ideologiyasına xidmət etdiyini iddia edir.
Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi Colan təpələri BMT tərəfindən Suriyanın ərazisi kimi tanınır. Netanyahu-nun “tarixi və mənəvi missiya” kimi təsvir etdiyi bu siyasət, beynəlxalq hüquqa zidd olaraq regional gərginliyi artırır.