BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrail ordusu Suriyanın cənubunda hərbi fəallığını artırır. Son aylarda Quneytra və Dəra bölgələrində bir neçə dəfə hücumlar təşkil olunub, həmçinin yeni hərbi bazalar qurulub.
AzerVoice xəbər verir ki, Suriya dövlətinə məxsus Əl-İxbariyyə telekanalının məlumatına görə, İsrail qüvvələri çərşənbə günü Quneytra çölündə yerləşən Səmdaniyyə əl-Qərbiyyə kəndinə yaxınlaşaraq Rəsm ər-Ravadi bölgəsinə doğru irəliləyib.
Bu ərazi işğal altındakı Colan təpələrinə bitişik döyüş zonası kimi tanınır.
Məlumata əsasən, İsrail ordusu son üç ayda Suriyanın cənubunda altı yeni hərbi baza inşa edib. Yalnız avqust ayında Quneytra əyalətinə beş ayrı hücum həyata keçirilib, onlardan sonuncusu çərşənbə axşamı baş verib və nəticədə bir nəfər həlak olub.
İsrail tərəfi bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, 2024-cü ilin sonlarında Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail ordusu Suriya ilə 1974-cü ildə imzalanmış Qolan Təpələrinin hərbisizləşdirilmiş bufer zonasını ələ keçirib və bölgədə nəzarətini genişləndirməyə başlayıb.