BAKI,AzerVoice, Fərid Mikayılov
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) baş direktoru səfir Fernando Arias, Suriyalı tədqiqatçı və siyasi müşavir Dr. Basil əl-Hac Casim ilə Haaqada görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş Casimin «Qarabağ və altı həftəlik müharibə» adlı kitabının fransız dilinə tərcümə edilərək təşkilatın kitabxanasına daxil edilməsindən sonra baş tutub.
Kitabın OPCW kitabxanasına qəbul olunması Qarabağ müharibəsi həqiqətlərinin beynəlxalq elmi-siyasi müstəviyə çıxarılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Azərbaycanla bağlı tarixi və siyasi reallıqların Haaqadakı nüfuzlu beynəlxalq təşkilatın kitabxanasında yer alması ölkəmizin həqiqətlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
Fernando Arias Suriya prezidenti Əhməd əş-Şəraaya ünvanladığı məktubda kimyəvi silahların tamamilə qadağan edilməsi istiqamətində əməkdaşlığa verdiyi töhfələrə görə Dəməşq hakimiyyətini yüksək qiymətləndirib. O, həmçinin Suriya xarici işlər naziri Əsəd əş-Şeybaninin Dəməşq səfəri zamanı verdiyi açıqlamaları da alqışlayıb.
Arias görüş zamanı Hələb şəhərinin hazırkı vəziyyəti ilə yaxından maraqlandığını bildirib. O, xüsusilə tarixi abidələrə dəyən zərərin miqyası və müharibədən əziyyət çəkən sakinlərin bugünkü vəziyyəti barədə məlumat almaq arzusunu ifadə edib.