BAKI, AzerVoice, Səməd Əyyubov
“Avropa üçlüyünün” (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) ali diplomatı Kaya Kallasla birlikdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıblar.
AzerVoice xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
Məlumata əsasən, söhbət əsnasında İranın nüvə proqramı və ölkəyə qarşı sanksiyaların tətbiqi müzakirə olunub.
“Mən həmkarlarım – Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi, Almaniyanın xarici işlər naziri Yohann Vadeful və Kaya Kallasla birlikdə iranlı həmkarımızla nüvə proqramı və İrana qarşı yenidən tətbiq etməyi nəzərdən keçirdiyimiz sanksiyalarla bağlı mühüm telefon danışığı apardıq” – deyə, o “X” sosial şəbəkəsində yazıb.
Nazir müzakirələr barədə daha ətraflı məlumat verməyib, lakin gələn həftə bu mövzuda yeni diplomatik təmasların planlaşdırıldığını bildirib.
Qeyd edək ki, ABŞ və “Avropa üçlüyü” ölkələri İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu müəyyənləşdiriblər. Əks halda, “Avropa üçlüyü” BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 2015-ci il razılaşmaları əsasında ləğv olunmuş sanksiyalarını yenidən qüvvəyə mindirəcək “snapback” mexanizmini işə salmağı planlaşdırır. İran isə öz növbəsində “Avropa üçlüyünü” ABŞ-la mövqelərini koordinasiya etməkdən çəkindirmiş və BMT TŞ-nin sanksiyaları bərpa ediləcəyi halda Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələyib.
Əlavə edək ki,bu il İranla ABŞ arasında nüvə proqramı ilə bağlı beş danışıqlar raundu baş tutsa da, nəticə əldə olunmayıb. Buna səbəb iyunun 13-də İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və iyunun 22-də ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsi olub. Eyni zamanda “Avropa üçlüyü” ölkələrinin nümayəndələri də Tehranla paralel danışıqlar aparsalar da, İranın nüvə proqramı üzrə yeni sazişin bağlanmasına vasitəçilik edə bilməyiblər.