BAKI, AzerVoice, Səməd Əyyubov
Tehran Hizbullahın dəstəyinə ehtiyac duyur və ona heç bir şeyi diktə etmir.
AzerVoice xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib.
“Biz Livan ‘Hizbullah’ının dəstəyinə necə ehtiyac duyuruqsa, o da bizə ehtiyac duyur. Biz ‘Hizbullah’a heç nəyi zorla qəbul etdirmirik, Livan məsələləri daxili dialoq yolu ilə həll olunmalıdır” - deyə, o qeyd edib.
Bununla yanaşı Laricani, “Avropa üçlüyünün” nüvə sazişi çərçivəsində İrana qarşı Snapback mexanizmini işə salmaqla hədələməsinə münasibət bildirib. O qeyd edib ki, İranın bu mexanizmin tətbiqinə cavab olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq ehtimalı “həmişə mövcuddur”.
Laricani həmçinin vurğulayıb ki, “İrana təzyiq göstərərək onu təslim olmağa məcbur etməkdən danışmaq sadəcə cəfəngiyyatdır.”
Bundan əvvəl İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə bildirmişdi ki, sanksiyaların tətbiqi üçün nəzərdə tutulan mexanizmin işə salınması “Avropanın İranın nüvə proqramı ilə bağlı danışıqlarda sahib olduğu sonuncu kartı da” itirməsi deməkdir.
İran televiziyasının məlumatına görə, gələn həftə çərşənbə axşamı Tehranın Avropa tərəfi ilə danışıqları xarici işlər nazirinin müavinləri səviyyəsində bərpa olunacaq.