BAKI, AzerVoice, Səməd Əyyubov
Avropa İttifaqı (Aİ) Ukraynaya ümumilikdə 4,05 milyard avro maliyyə yardımı ayırıb.
AzerVoice-un məlumatına görə, bu məbləğin 1 milyard avrosu Ukraynanın Müstəqillik Günü münasibətilə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına köçürülüb.
Avropa Komissiyasının açıqlamasında bildirilib ki, ümumi yardım paketinə Ukraynaya Dəstək Fondundan ayrılan 3,05 milyard avro və makromaliyyə yardımı proqramı çərçivəsində verilən 1 milyard avro daxildir.
Avropa Komissiyasının iqtisadi və sosial məsələlər üzrə üzvü Valdis Dombrovskis qeyd edib ki, 1 milyard avroluq yardım Avropa yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərinin reinvestisiya gəlirlərindən formalaşdırılıb.
Daha əvvəl, Avropa Komissiyası açıqlamışdı ki, müharibənin başlanmasından bəri Aİ və üzv dövlətlər Ukraynaya ümumilikdə 168,9 milyard avro dəstək göstərib. Bunun 59,6 milyard avrosu hərbi yardıma (o cümlədən Avropa Sülh Fondu vasitəsilə), 17 milyard avrosu isə Avropada yaşayan ukraynalı qaçqınlara yönəldilib.