BAKI,AzerVoice, Fərid Mikayılov
İranın Londondakı səfirliyi Böyük Britaniya hökumətinin bəzi İran qurumlarına və şəxslərinə qarşı tətbiq etdiyi “qanunsuz və birtərəfli” sanksiyaları kəskin şəkildə pisləyib.
AzerVoice xəbər verir ki, səfirlik açıqlamasında bildirilib ki, bu sanksiyalar “əsassız bəhanələr və ittihamlar” üzərində qurulub və beynəlxalq hüququn, xüsusilə də BMT Nizamnaməsinin dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq prinsiplərinə ziddir.
Qeyd olunub ki, belə addımlar yalnız ikitərəfli münasibətlərə zərər vurur və qarşılıqlı etimadsızlığı dərinləşdirir.
Bəyanatda vurğulanıb ki, İran hər zaman beynəlxalq münasibətlərdə dialoq və qarşılıqlı hörməti ön plana çıxarıb, Birləşmiş Krallığın daxili təhlükəsizliyinə qarşı heç bir plan və ya fəaliyyət həyata keçirməyib.
“Bu istiqamətdə irəli sürülən iddialar tamamilə əsassız və qəbuledilməzdir”- deyə bildirilib.
Səfirlik daha sonra qeyd edib ki, regional və qlobal sülhə əsas təhlükə yaradan amil sionist İsrail rejiminin təcavüzkar hərəkətləri və cinayətləridir. İsrailin “genosid, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər də daxil olmaqla saysız beynəlxalq cinayətlər törətdiyi” və bölgədə əsas sabitliksizlik mənbəyi olduğu vurğulanıb.
Bəyanatda Qərb ölkələrinin beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq, İsrailin cinayətlərinə qarşı təsirli addımlar atmamasının təəccüblü olduğu qeyd edilib.
Açıqlamanın sonunda İranın qarşılıqlı hörmət, ölkələrin daxili işlərinə qarışmamaq və ikitərəfli, regional və beynəlxalq səviyyədə konstruktiv əməkdaşlıq prinsiplərinə sadiq qaldığı vurğulanıb. Böyük Britaniya hökumətinə isə düşmənçilik siyasətindən və “qanunsuz, dağıdıcı addımlardan” çəkinmək çağırışı edilib.
Xatırladaq ki, bir neçə saat əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi bir sıra İran ticarət və neft-kimya şirkətlərini sanksiyalar siyahısına daxil etdiyini açıqlayıb.