BAKI, AzerVoice, Nərmin Ağayeva
İspaniya və Portuqaliyada davam edən meşə yanğınları Avropanın cənubunu böyük ekoloji və iqtisadi böhranla üz-üzə qoyub.
AzerVoice xəbər verir ki, avqustun əvvəlindən bəri tarixlərinin ən dağıdıcı meşə yanğınları ilə mübarizə aparan İspaniya və Portuqaliyada hazırda 20 böyük yanğın ocağı qalmaqdadır. Onlardan 18-i İspaniyada, 2-si isə Portuqaliyada qeydə alınıb.
Avqust ayındakı yanğınlarda İspaniyada 4 nəfər həyatını itirib. Qalisiya (Ourense, Pontevedra) və Kastiliya və Leon (Zamora, Leon) bölgələri alovların ən çox yayıldığı ərazilərdir. Son 10 gündə yalnız Ekstremadura bölgəsində 17 min hektara yaxın meşə və kənd təsərrüfatı sahəsi yanıb. Ölkə üzrə 2.500-dən çox insan, o cümlədən Leonda 1.523 nəfər evlərindən təxliyə edilib. Onlar hazırda idman zalları, sığınacaqlar və yaxınlarının evlərində yerləşdirilib.
İlin əvvəlindən bəri İspaniyada 350 min hektardan çox ərazi məhv olub, bunun 330 min hektarı yalnız avqust ayına təsadüf edir. Yanğınlar səbəbindən doqquz yol bağlanıb, kənd təsərrüfatı və heyvandarlıq sektoru ciddi zərər görüb. La Razon qəzetinin məlumatına görə, yanğınların söndürülməsinə sərf olunan vəsaitin dəyəri 8 milyard avroya, iqtisadi ziyanın miqdarı isə 2 milyard avronu keçib.
Portuqaliyada isə Avqust ayında baş verən yanğınlarda 3 nəfər ölüb. Hazırda şimal və mərkəzi bölgələrdə yerləşən Arganil və Cinco Vilas ərazilərində alovlarla mübarizə aparılır. Söndürmə işlərinə 2.000-ə yaxın yanğınsöndürən cəlb olunub. Ümumilikdə 275 min hektar ərazi yanaraq məhv olub ki, bu da ölkənin ümumi torpaq sahəsinin təxminən 3 faizi deməkdir.
Baş nazir Luis Monteneqro “Ölkə şokdadır” deyərək, hökumətin bütün imkanlarını zərərin azaldılmasına yönəldəcəyini bildirib. Hökumət zərərçəkmişlər üçün 45 maddədən ibarət yardım paketi qəbul edib. Bu paketə tibbi yardımın artırılması, ailələrə və müəssisələrə dəstək göstərilməsi, həmçinin 250 min avroya qədər mənzil xərclərinin tam ödənilməsi daxildir. Müxalifətin təzyiqlərinə baxmayaraq, hökumət fövqəladə vəziyyət elan etməyib, lakin dağıntıların aradan qaldırılması üçün əlavə tədbirlər görəcəyini açıqlayıb.
Qeyd edək ki, son iki həftədə Avropa İttifaqı ölkələrində bu il ərzində yanan meşə sahələrinin cəmi həcmini üstələyən ərazilər külə dönüb. Mütəxəssislər qlobal iqlim dəyişikliyi və uzunmüddətli quraqlığın bu miqyasda yanğınların əsas səbəbləri olduğunu bildirirlər.