BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinə dair açıqlamasında Rusiyanın hədəflərini şərh edib.
AzerVoice xəbər verir ki, onun sözlərinə görə, Moskva hazırda qismən nəzarət etdiyi, lakin tam ələ keçirmədiyi Ukrayna ərazilərini öz nəzarəti altına almağa çalışır.
Vens bildirib ki, Kiyev uzunmüddətli perspektivdə ərazi bütövlüyünü qorumaq istəyir, Kreml isə əlavə torpaq iddialarını davam etdirir.
“Ukrayna özünün ərazi bütövlüyünə zəmanət tələb edir. Ruslar isə müəyyən torpaq sahələrini istəyirlər. Onların bəzisi artıq Rusiya nəzarətindədir, digərləri isə hələ yox” – deyə vitse-prezident qeyd edib.
O, həmçinin hesab edir ki, Rusiya və Ukrayna liderlərinin mümkün görüşü sülh prosesində irəliləyiş üçün mühüm addım ola bilər.
Xatırladaq ki, Vens daha əvvəl də bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında gözlənilən görüşdən öncə sülh razılaşmasının əsas müddəaları ilkin şəkildə razılaşdırılacaq. Onun sözlərinə görə, sənəddə təhlükəsizlik təminatları və ərazi məsələləri yer alacaq.