BAKI, AzerVoice, Səməd Əyyubov - Qəzza zolağında azı 169 nəfər, o cümlədən 93 uşaq aclıqdan həyatını itirib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalarda aclıq və qidalanma çatışmazlığı səbəbilə yeddi yeni ölüm halı qeydə alınıb. Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 169-a çatıb, onlardan 93-ü azyaşlıdır.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də başlayan münaqişənin kəskinləşməsi nəticəsində Qəzzada ölənlərin ümumi sayı 60 430 nəfərə çatıb, 148 mindən çox insan isə yaralanıb.
Həmçinin qeyd edək ki, bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım çatdırılmır. İsrail hakimiyyətinin qərarına əsasən, bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Ərzaq paylanması isə İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə həyata keçirilir.
Yanvar ayında əldə edilmiş atəşkəsə baxmayaraq, mart ayında İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə danışıqlar raundunda tərəflər yeni razılaşma şərtləri üzərində razılaşa bilməyiblər.